Valideynlər və müəllimlər çox vaxt video oyunlarını vaxt itkisi kimi düşünürlər, çünki uşaqların video oyunlarına çox vaxt sərf edib, dərslərinə diqqət yetirmədiklərinə inanırlar.

Bununla belə, biz oyunlaşdırma və onun beyinə təsiri haqqında nə qədər çox öyrənsək, onun öyrənmə vasitəsi kimi faydalılığını bir o qədər çox görürük. Aparılan araşdırmalara əsasən video oyunlarının tələbələrin öyrənmə həyatında və sosial bacarıqlarında müsbət təsirlər yaratdığı müşahidə olunub.

Müşahidə olunan ən əsas təsirlər isə bunlardır:

  1. Koordinasiya. Video oyunlarda təfərrüatlı və bəzən mürəkkəb vizual və səsli stimullar iştirak edir. Video izləməkdən fərqli olaraq oyunlarda ətrafımızda olan dəyişikliklərə reaksiya verməli olduğumuz (hər hansısa bir yolu izləmək, səsə reaksiya vermək və s.) üçün koordinasiya bacarığı inkişaf edir.

  2. Problem həll etmə bacarıqları. Video oyunlar puzzle-lar, problemlər və oyunçuların məqsədlərinə çatmaq üçün keçməli olduqları çətinliklərlə zəngindir. Müşahidələrə əsasən şagirdlər dərs zamanı məqsədsiz şəkildə problem həll etməyə çalışdıqları üçün daha tez sıxıla və tapşırıqları tam həll etməyə bilirlər. Amma oyun oynayarkən qələbəyə və oyunu keçməyə çox fokuslandıqları üçün problem həll etdiklərinin çox fərqində olmurlar və normaldan daha çox əzmkarlıq göstərirlər.

  3. Yaddaşın gücləndirilməsi. Əksər oyunlarda uğur qazanmaq üçün tələbələr oyunun qaydalarını, nəzarətlərini, məqsədlərini və (hekayə əsaslı oyunlarda) parametrlər, personajlar, süjet və s. haqqında təfərrüatları yadda saxlamalıdırlar.

  4. Multitasking bacarıqları. Bir çox oyun oyunçulardan avatarlarının sağlamlığı, səviyyə və ya tapşırıq üzrə vaxt məhdudiyyətləri və mümkün təhdidlər kimi birdən çox məsələyə eyni vaxtda nəzarət etməyi tələb edir.

  5. Sosial bacarıqlar. Düzgün həyata keçirildikdə, video oyunlar oyunçulara komandalarda işləməyi, sağlam rəqabətdə iştirak etməyi və paylaşılan oyundaxili təcrübələri birləşdirməyi öyrənərkən sosiallaşmağa da kömək edə bilər.

  6. Dil bacarıqları. Video oyunlarda əsasən bir çox müxtəlif milliyətlərə məxsus insanlar birlikdə oynadıqları üçün ortaq bir dil olaraq ingilis dili istifadə olunur. Bu isə tələbələrdə ingilis dilində dinləmə, anlama və danışma kimi bacarıqların inkişafına böyük təsir göstərir.

Video oyunlar həmçinin öyrənmə və ya autizm kimi problemləri olan yeniyetmə və uşaqlarda sosial bacarıqların inkişafına dəstək məqsədli istifadə olunur, Bunun ən yaxşı nümunələrindən biri isə amerikalı oyun proqramçısı Ken Demarestin autizmli oğludur. Demarest öz autizmli oğlu haqqında bildirirdi ki, o, dildə və anlamada ciddi çatışmazlıqlara, sosial və emosional çətinliklərə malik olsa da, video oyunu oynamağı bacardığı fəaliyyətlərdən biri idi. Bu isə onun özgüvənini artırır və həm də ona sakitləşdirici təsir bağışlayırdı. Demarestin qeyd etdiyi bəzi terapevtik faydalar isə dil bacarıqları, riyaziyyat, oxu bacarıqları və sosial bacarıqlar idi.

Bəzi araşdırmalara əsasən video oyunlar həm də diqqət dağınıqlığı yaşayan şagirdlərin müalicəsində də müsbət təsir göstərir. 2000-ci illərin başlanğıclarında NASA-nın Langley Araşdırma mərkəzində fəaliyyət göstərən mühəndis və psixoloq Alan T. Pope məktəblilər arasında kiçik bir təcrübə aparır. 22 nəfər diqqət çatışmazlığı problemi yaşayan 9-13 yaşlı məktəblilər 2 qrupa ayrılır. Bir qrupa standart biofeedback (ürək döyüntüsü və s. bədəninizin bəzi funksiyalarını idarə etməyi öyrənmək üçün istifadə edə biləcəyiniz bir texnika) təlimləri verilir. Digər qrupa modifikasiya olunmuş video oyunlar oynadılır, toplam 40 saatlıq təlimlərin nəticəsində isə hər iki qrupda olan şagirdlər eyni dərəcədə inkişaf əldə edirlər. Valideynlərin əks bildirişlərinə əsasən hər iki qrupdaki şagirdlərin məktəbdəki fəaliyyəti daha yaxşılaşıb, hətta video oyun ilə təlim alan şagirdlərin dərslər üçün motivasiyasının daha çox olduğu müşahidə olunub. Amma tədqiqatçılar oyunun növünün və düzgün modifikasiya olunmasının xüsusi önəmi olduğunu qeyd edirlər.

Beləliklə, video oyunlarının təhsil prosesində istər öyrənmək cəhətdən, istərsə də psixoloji cəhətdən şagirdlərin həyatında bir çox müsbət təsiri ola biləcəyini öyrənmiş olduq).